Layihə haqqında
Layihənin izahı
Bazar iqtisadiyyatına doğru irəliləyən, demokratik
və proqressiv bir dövlət olan Azərbaycan üçün, informasiya
və biliklərə sərbəst çıxış, çox mühüm və zəruri amillərdən
biridir. Azərbaycanda dövlət tərəfindən maliyyələşmənin
və kitabxana infrastrukturunun zəifliyi, informasiya resurslarına
sərbəst çıxışı təmin etməyə mane olur. Bu sözləri ali
təhsil ocaqlarının kitabxanaları haqqında da demək olar. Kitabxanalar
institutların infrastrukturlarının vacib hissələrindən biridir
və onlar müxtəlif mövzularda olan informasiyaların mənbəyi
hesab edilir.
Mövcud problemləri aradan qaldırmaq və kitabxanaların təhsil
prosesində rolunu artırmaq məqsədilə, GN İnformasiya
Texnologiyaları təşkilatı tərəfindən “Elektron Kitabxana
Şəbəkəsi” layihəsi işlənib hazırlanmış və həyata keçirilmişdir.
Layihə, Ekson Azərbaycan Əməliyyat Şirkətinin maliyyə dəstəyi
ilə həyata keçirilmişdir. Layihəyə təşkilati dəstək Azərbaycan
Dövlət İqtisad Universiteti, İREX/İATP təşkilatı və Gənclər
İdman və Turizm nazirliyi tərəfindən göstərilmişdir.
Layihənin əsas məqsədi, Azərbaycanın aparıcı ali təhsil
ocaqlarının kitabxanalarından və eləcə də Azərbaycan müəlliflərinin
müxtəlif mövzularda və dillərdə olan kitablarından sərbəst
istifadə üçün şərait yaratmaqdır.
Potensial istifadəçilər
Bütün təhsil almaq istəyən, tədqiqat aparan,
öz biliklərinin artırılmasında maraqlı olan, o cümlədən
tələbə, gənc alimlər, müxtəlif sahələr üzrə mütəxəssislər,
professor və müəllimlər, müxtəlif şirkətlərin işçiləri
və digəriləri, istənilən vaxtda və istənilən yerdə http://www.kitab.az
saytının resurslarından istifadə edə bilərlər.
Eyni zamanda saytın imkanlarından kitab, monoqrafiya, elmi tədqiqat
işləri müəllifləri və digər şəxslər də istifadə edə
bilərlər. Onlara öz kitablarını elektron formada yerləşdirmək
imkanı verilir. Kitabları saytda yerləşdirmək üçün, saytin
Adminstratoruna müraciət edə bilərlər. Adminstratorla əlaqə
yaratmaq üçün saytda göstərilmiş əlaqələrdən istifadə
etmək olar.
Minnətdarlıq
GN Təşkilatının kollektivi, layihənin həyata
keçirilməsində əməyi olan bütün şəxslərə, dərin minnətdarlığını
bildirir.
O cümlədən, xüsusilə Ekson Azərbaycan Əməliyyat şirkətinə,
bu mühüm təhsil layihəsinin həyata keçirilməsində göstərdikləri
köməyə görə GN İnformasiya Texnologiyalari təşkilatı adından
dərin minnətdarlığımızı bildirik.
Bundan əlavə biz GN təşkilatının partnyorları olan Azərbaycan
Dövlət İqtisad Universitetinə, Gənclər İdman və Turizm Nazirliyinə
və IREX/IATP təşkilatına öz dərin minnətdarlığımızı
bildiririk.
Ən nəhayət layihədə iştirak edən kitabxanaların rəhbərliyinə
və kollektivinə, eyni zamanda bizə öz kitablarını, elmi iş
və materiallarını təqdim etdiklərinə görə, müəlliflərə
öz təşəkkürümüzü bildiririk.
Tam əminliklə deyə bilərik ki, www.Kitab.Az resursu gələcəkdə
daha da inkişaf edərək, Azərbaycanın inkişaf etmiş demokratik
bir ölkəyə çevrilməsinə xidmət edən bilik və təhsilin inkişaf mənbəyi olacaqdır.
|